2026.5.20 Özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşdan 133 min aldı – Məhkəmə işi
Özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edib işə düzəltmə və avtomobilin gömrük rüsumlarını ödəmək adı ilə dələduzluq əməlləri törədən Ağasəf Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Unikal”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid dindirilib.
Şahid qismində ifadə verən Rauf Qasımovun sözlərinə görə, təqsirləndirilən şəxsi 5 ildir çoxdur ki tanıyır:
“Bacım oğlunu işə düzəltmək istəyirdik. Mənə baş idarədə işlədiyini dedi. Ancaq bu adamı heç vaxt formada görməmişəm. Uşağı gördü və dedi ki, bir az da məşq etsin onu polisə düzəldək. Bundan başqa Azad Kərimovun karyeri işlətməklə bağlı problemi var idi. Ağasəf bildirdi ki, bu problemi mən həl edərəm. Bunun müqabilində Ağasəfə 25 min verildi”.
Məhkəmənin növbəti iclası iyunun 10-na təyin edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olan müraciət əsasında 1971-ci il təvəllüdlü Ağasəf Quliyevin əməlləri araşdırılıb.
Müəyyən olunub ki, o, zərərçəkmiş şəxsin oğlunu hüquq-mühafizə orqanlarında mötəbər vəzifəyə təyin etdirəcəyi vədi ilə 108 000 manat, həmçinin xarici ölkədən gətirdiyi avtomobili rəsmiləşdirəcəyi adı ilə həmin vətəndaşdan əlavə 25 000 manat pulu dələduzluq yolu ilə ələ keçirib.
İşlərinin düzəlmədiyini görən vətəndaşa hər dəfə yalan məlumat verib, saxta telefon danışıqları apararaq işlərin artıq həll olunduğunu, müvafiq yoxlamaların isə hələ davam etdiyini bildirib.
Fakta görə Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə başlanan cinayət işi üzrə A.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
2026.5.20 7 körpənin ölüm işi – Məhkəmədə gərginlik
Respublika Perinatal Mərkəzində baş vermiş və 7 körpənin ölümü ilə nəticələnmiş dəhşətli yanğın hadisəsi üzrə cinayət işi çərçivəsində növbəti məhkəmə prosesi keçirilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi iclasda Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin cinayət işinə baxılır.
Prosesdə Mehriban Abbasquliyevanın vəkili Əlövsət Abbasov məhkəmə istintaqının yenilənməsi barədə vəsatət verib. O, məhkəmə istintaqının təzələnməsinə səbəb kimi yanğın təhlükəsizliyi texnikası, fiziki-kimyəvi, tikinti-texniki və əmtəəşünaslıq ekspertizalarının keçirilməsi, həmçinin ekspertin dindirilməsinə imkanı yaradılmasını göstərib.
Dövlət ittihamçısı Eldar Məmmədov isə bildirib ki, məhkəmə istintaqı tamamlanıb, ittiham tərəfi çıxış edib, vəkillər çıxışa hazırlaşmaq üçün vaxt istəyiblər. O, vəsatətin rədd olunmasını xahiş edib.
Mehriban Abbasquliyevanın digər vəkili Muxtar Mustafayev və təqsirləndirilən şəxslər də vəsatətin təmin olunmasına tərəfdar çıxıblar. Yerində müşavirə edən hakimlər heyəti vəsatəti təmin etməyib.
Təqsirləndirilənlər Hamlet Mustafayevin və Elnur Əhədlinin vəkilləri müvəkkillərinə bəraət verilməsini xahiş edib. Mehriban Abbasquliyevanın vəkilləri Əlövsət Abbasov və Muxtar Mustafayev çıxışa hazırlaşmaq üçün əlavə vaxt istəyiblər.
Qeyd edək ki, bundan əvvəlki prosesdə çıxış edən prokuror hər üç təqsirləndirilənin 3 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməsini, Mehriban Abasquliyevanın 8 il, Elnur Əhmədli və Hamlet Mustafayevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini və onların zaldan həbs olunmasını təklif edib.
Xatırladaq ki, 2024-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzinin inzibati binasında yanğın baş verib. Baş Prokurorluq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başladıb, ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb. İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub. Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Növbəti proses iyunun 3-də davam edəcək.
2026.5.18 Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi
Telefonunu qaytarmadığı üçün tanışını bıçaqlayaraq qətlə yetirən keçmiş məhkum Rauf Sadıqovun cinayət işinin bəzi detalları məlum olub.
“Unikal”ın əldə etdiyi məlumata görə, 2025-ci ilin dekabrında Xətai rayonu NZS qəsəbəsində baş verib.
Belə ki, Rauf Sadıqov CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.11.2020-ci il tarixli hökmünə əsasən 6 il müddətinə azadlıqdan məhrum edilib.
Azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 9 ay 9 gün hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsində qərarına əsasən cəzaçəkmə müəssisəsinin növü dəyişdirilərək məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.
25.12.2025-ci il tarixdə, saat 19:00-da icazə müddəti başa çatsa da cəzaçəkmə müəssisəsinə qayıtması üçün sərnişin daşıma haqqına görə kifayət qədər pul vəsaiti olmamasını əsas gətirməklə 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə geri qayıtmayıb azadlıqdan məhrumetmə növündə cəzanı çəkməkdən boyun qaçırıb.
Bundan başqa o, tanışı Elsevər Cəfərovun dəvəti ilə narkotik vasitə əldə edilməsindən məlumatsız olaraq Ramin Qarayevlə birlikdə taksi vasitəsi ilə “Neftçilər”metrostansiyasının yaxınlığına gediblər. Elsevər Cəfərov və Ramin Qarayev tərəfindən narkotik vasitə olan heroin əldə edildikdən sonra geri qayıdarkən avtomobilin arxa oturacağında əyləşən zaman qaranlıq olması səbəbindən taksinin ödəniş haqqının ödənilməsi məqsədilə pul vəsaitlərini sayarkən pul vəsaitlərini işıqlandırması üçün onunla birlikdə əyləşmiş Ramin Qarayevə Mobil telefonunu verib.
Təyinat nöqtəsinə çatıb avtomobildən düşdükdən bir müddət sonra mobil telefonun Ramin Qarayevdə qalmasını xatırlayıb həmin mobil telefonu Ramin Qarayevdən geri tələb edib.
Lakin Ramin müxtəlif bəhanələr gətirməklə telefonu geri qaytarmayıb və tərəflər arasında mübahisə yaranıb.
Rauf gecə 2-də mətbəx bıçağı ilə Ramin Qarayevin döş qəfəsinin daxilə nüfuz edərək bədənin müxtəlif nahiyələrinə zərbələr endirib.
Bununla da, Rauf Sadıqova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) və 305-ci (Azadlıqdan məhrum etmə növündə cəza çəkməkdən boyun qaçırma) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə araşdırılır.
2026.5.15 Ofisinat işləyən qadını amansızcasına QƏTLƏ YETİRDİ: Zabratdakı hadisənin TƏFƏRRÜATI
2024-cü il dekabrın 17-də 15-ci PB-nə gələn İgid Rəcəbzadə (1995-ci il təv.) inzibati ərazidə adam öldürməsi haqda məlumat verib.
News24.az-ın məlumatına görə, “Baxış keçirilməsi” protokolundan görünüb ki, hadisə Zabrat qəsəbəsində, yolun kənarında baş verib. Otluq və daş parçalarının olduğu sahədə Elnarə İbrahimovanın (1991-ci il təv.) meyiti, yanına, üzərində qan ləkələri olan və təxminən çəkisi 20 kq olan daş parçası aşkar edilib. baş nahiyəsində qana bənzər kütlənin olması müşahidə olunub.
Sabunçu rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Elnarə İbrahimovanın ölümünə — sümüklərinin açıq qəlpəli sınıqları ilə əlaqədar beyinə qansızma səbəb olub.
İstintaqla müəyyən edilib ki, dekabrın 17-də İgid Rəcəbzadə ilə Elnarə İbrahimovanın arasında Maştağa-Zabrat yolunda olan körpünün yaxınlığında mübahisə yaranıb. Ünvanına nalayiq ifadələr işlətməsindən əsəbiləşən İgid qadını yerə yıxıb, onu yumruqla vurmağa başlayıb. Müqavimət göstərən Elnarə İbrahimovanın baş nahiyyəsinə yerdən götürdüyü daş parçası ilə zərbələr endirib. Bu hərəkəti ilə İgid Rəcəbzadə zərərçəkmişi qəsdən həyatdan məhrum edib.
İş üzrə dindirilmiş İgid Rəcəbzadə bildirib ki, Bilgəh qəsəbəsində kirayədə yaşayıb. Subaydır, günəmuzd fəhlə işləyib. Elnarə İbrahimova Zabrat qəsəbəsində yerləşən kafedə ofisiant işləyib. Onunla orda 1 il əvvəl tanış olub. Elnarə ona maddi dəstək olmağını xahiş edib, ona gündəlik olaraq 30-50 manat arası pul verib, bir neçə dəfə şəhərin müxtəlif otellərdə cinsi əlaqədə olublar. Narkotik vasitələrdən istifadə edib. Hadisə dekabrın 17-də Maştağa-Zabrat yolunun kənarında baş verib.
Həmin vaxt içkili və narkotik vasitənin təsiri altında olub. Söyüş söydüyünə görə Elnarəni əli ilə vuraraq yerə yıxıb. Bu zaman Elnarəyə bacısı Gülnar zəng edib. Hava şəraiti ilə əlaqədar nə danışdıqlarını tam eşidə bilməyib. Gülnar bacısı ilə sevgili olduqlarını bilib. Təxminən 20 kiloqramlıq daş parçasını qaldırıb qadının başına çırpıb. Onun hər hansı hərəkət etmədiyini görüb, qorxub. Üzü Maştağa qəsəbəsi istiqamətində gedib. Amma sonra Elnarənin yaşaya biləcəyini düşünüb yenidən hadisə yerinə qayıtıb. Amma qadının nəfəs almadığını görüb. Buna görə bölməyə gedib, adam öldürdyünü bildirib.
Məhkəmə iclasında İgid Rəcəbzadə bildirib ki, dekanrın 17-də Elnarə İbrahimova ilə telefonla danışarkən birlikdə Maştağada yerləşən ticarət mərkəzinə gedib, onun üçün paltar almaq qərarına gəliblər. Ora getsələr də, qadın özünə heç nə almayıb. Ordan çıxıb, taksi ilə bir az getdikdən sonra Elnarə sürücüyə maşını saxlamasını deyib və düşərək hadisə baş verən əraziyə gəliblər. Orda qadın qışqırmağa və onu söyməyə başlayıb.
Zərərçəkmiş şəxsin hüquqi varisi Fərəbani İbrahimova ifadəsində göstərib ki, hadisənin şahidi olmayıb. Baş verənləri ona digər qızı Gülnar danışıb. Belə ki, Elnarə telefonda Gülnara İgid adlı şəxsin onu öldürmək istədiyini deyib. Buna görə Gülnar 102 mərkəzinə zəng edib, məlumat verib. Elnarənin İgidlə münasibəti olması barədə xəbəri olmayıb. Mərhumun övladlarından biri kollecə qəbul olduğundan, təhsil haqqının ödənilməsindən ötrü qızı Bakıya, işləməyə gedib. Hərdən bir Lənkərana gələrək, onlara baş çəkib. Təqsirləndiriən şəxsə ağır cəza verilməsini xahiş edib.
İstintaq zamanı şahid qismində dindirilmiş Nizami Abbasovun ifadəsi elan olunub. Yazılanlara əsasən, Zabrat qəsəbəsində kafedə işləyib. Elnarə İbrahimova ilə 2024-cü ilin yay aylarında tanış olub. Elnarənin uşaqları keçmiş əri ilə Lənkəranda, özü isə bacısı ilə birlikdə Bakıda, Balaxanı qəsəbəsində yaşayıb. Onunla sevgili olduqları müddətdə bacısı Gülnar yaşayan ərazidə onun üçün kirayə ev tutub. İgid Rəcəbzadəni həmin kafeyə gəlib-gedən müştəri kimi tanıyıb.
Elnarəni axırıncı dəfə dekabrın 17-də görüb. Gün ərzində aralarında 1-2 dəfə telefon danışığı olub. Elnarə hər hansı problemi olmadığını deyib. Saat 17 radələrində Gülnar ona zəng edərək, basısının İgidin avtomobilinə əyləşərək üzü Zabrat dairəsi istiqamətində getdiyini söyləyib. Həmin gün PPX əməkdaşlarından İgidin Elnarəni öldürdüyünü öyrənib.
Prokuror təqsirləndirilən şəxsə 19 il cəza təyin edilməsini istəyib.
Məhkəmə qənaətə gəlib ki, İgid Rəcəbzadənin əməli istintaq orqanı tərəfindən CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib. Odur ki ona, həmin maddənin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli CÇM-də çəkməklə İgid Rəcəbzadə
17 il müddətinə azadlıqdan məhrum olunub.

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən , əvvəllər də analoji əmələ görə məhkum olunmuş 53 yaşlı Zaza Poladaşvili saxlanılıblar.
Azturkxeber.az-a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, ondan 4 kiloqram 300 qram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Z.Poladaşvili barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin satışının qarşısının alınması istiqamətində əməliyyatlar davam etdirilir.
Adalet.az xəbər verir ki, paytaxt və ətraf ərazilərdə keçirilən tədbirlərlə əvvəllər məhkum olunan 41 yaşlı Anar Əsədov və 30 yaşlı Taleh Muradov saxlanılıblar. Onlardan 42 kiloqram 690 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 460 ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxslərin Bakı və Sumqayıt şəhərlərində narkokuryerlik etdikləri müəyyən edilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
2026.5.12 Məhkəmə otaq yoldaşına 16 bıçaq zərbəsi vuran şəxslə bağlı qərar verdi
Bakıda kirayədə bir qaldığı otaq yoldaşını 16 bıçaq zərbəsi ilə öldürməyə cəhddə təqsirləndirilən İbrahim Əliyevin məhkəməsi yekunlaşıb.
“Unikal”ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, İbrahim Əliyev 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı Elvin Mirzəyev ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
İstintaqla müəyyən edilib ki, İbrahim Əliyev əvvəllər 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə məhkumluğu olub.
O, otaq yoldaşı Cəfər Vəliyevə aralarında mübahisə yaranıb və onu 16 bıçaq zərbəsi ilə xəsarət yetirib.
Belə ki, Cəfər Vəliyev ondan idman alətlərimi götürməyini istəyi. Birinci buna görə narazılıqları düşüb. Daha sonra İbrahim Əliyev Tiktokda uca səslə kliplərə baxıb. Zərərçəkmiş ondan səsini azaltmağını tələb edib və sonra təqsirləndirilən şəxsin yaxasından yapışıb. Zərərçəkmiş Cəfər Vəliyev ona yumruq zərbələri vuranda İbrahim Əliyev də ona ardıcıl bıçaq zərbələri vurub.
Ona qarşı Cinayət Məcəlləsinin 29,120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən “Eliş” ləqəbli tiktoker Elsevər Nəbiyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edildikdən sonra dövlət ittihamçısı Elvin Mirzəyev ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 5 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Müşavirədən sonra hökm elan edilib və o, üç il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 1992-ci il təvəllüdlü “Eliş” ləqəbli tiktoker ötən ilin noyabrında paytaxtın Nəsimi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsi və cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Tiktokerin üzərinə baxış zamanı bir bükümdə kustar üsulla hazırlanmış 2.389 qram metamfetamin aşkar edilib.
Tiktokerə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Elsevər Nəbiyev dəfələrlə TikTokda “Eliş 020” adlı səhifəsində canlı yayım açaraq narkotik vasitənin təsiri altında qeyri-etik paylaşımlar, eləcə də narkotiklərin qəbulunu təbliğ edən videolar yayıb. O, bundan əvvəl də oxşar əməllərə görə dəfələrlə həbs edilib.

Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 31 yaşlı Sənan Muxtarov saxlanılıb.
Bu barədə XQ-yə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Araşdırma zamanı ondan ümumilikdə 6 kiloqram 765 qram həşiş və marixuana aşkarlanaraq götürülüb. Müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitələri satış məqsədilə əldə edib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə S.Muxtarov barəsində həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan vətəndaşı, 44 yaşlı Mahfurə Hüseynovanın meyiti Bosforun Haydarpaşa sahilləri yaxınlığında aşkarlanıb.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə “Kırçıloğlu 4” adlı sərnişin gəmisində baş verib. Məlumata görə, Mahfurə Hüseynova İstanbulda yaşayan qızı Nigar Yusiflini ziyarət etmək üçün Türkiyəyə gəlibmiş. Səfər zamanı Kadıköy–Beşiktaş marşrutu üzrə hərəkət edən sərnişin gəmisində müəmmalı şəkildə yoxa çıxıb. Məlumdur ki, o, mayın 2-də 20:20 radələrində Kadıköy məhəlləsində turniketdən keçərək gəmiyə minib. Bu anlar müşahidə kameraları tərəfindən qeydə alınıb. Daha sonra görüntülər qadının qızı Nigar Yusifliyə təqdim olunub və o, kadrlardakı şəxsin anası olduğunu təsdiqləyib. Hadisənin sirli tərəfi isə bundan sonra başlayıb. Sərnişinlər bir müddət sonra bərənin göyərtəsində sahibsiz qalmış qara çantanı görərək vəziyyəti heyətə bildiriblər.
Çantanın içərisində Mahfurə Hüseynovanın sənədləri olub. Lakin qadının özü gəmidə tapılmayıb. Polis və liman xidməti əməkdaşları Beşiktaş məhəlləsindəki təhlükəsizlik kameralarını da araşdırıblar. Məlum olub ki, Mahfurə Hüseynova gəmidən düşməyib. Yəni o, Kadıköydən gəmidə görünüb, amma marşrutun son dayanacağında izinə rast gəlinməyib. İstintaq zamanı ortaya çıxan başqa bir detal isə diqqət çəkib. Gəminin özündə quraşdırılmış təhlükəsizlik kameralarının aprelin 14-dən etibarən işləmədiyi müəyyənləşib. Bu səbəbdən qadının necə və hansı şəraitdə yoxa çıxması qeydə alınmayıb. Bundan sonra Bosfor boğazında genişmiqyaslı axtarış əməliyyatı başlanıb.
Türkiyə Sahil Mühafizəsi və liman polisi axtarışlara bir neçə kater cəlb edib. Bir neçə gün davam edən əməliyyatlardan sonra Mahfurə Hüseynovanın meyiti Haydarpaşa sahilləri yaxınlığında tapılıb. Meyit ölüm səbəbinin müəyyənləşdirilməsi üçün Türkiyə Məhkəmə-Tibbi Ekspertiza İnstitutuna göndərilib. Hazırda hadisə ilə bağlı araşdırma davam edir. Türkiyə hüquq-mühafizə orqanları qadının ölümünün intihar, qəza və ya kriminal hadisə olub-olmamasını araşdırır.

Bakının Nizami rayonunda market, ev və avtomobillərdən oğurluq edən 3 nəfər saxlanılıb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Paytaxtın Nizami rayonunda müxtəlif vaxtlarda 5 nəfərə məxsus mobil telefonlar onların işlədikləri məkanlar və avtomobillərdən oğurlanıb. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı İmran Həmidov saxlanılıb. Onun paytaxtın digər rayonlarında da analoji cinayətlər törətdiyinə görə axtarışda olduğu müəyyən edilib.
Şöbə əməkdaşları tərəfindən həyata keçirilən digər tədbirlər zamanı isə ev və marketlərdən oğurluq etməkdə şübhəli bilinən 29 yaşlı Vüsal Əliyev və 28 yaşlı Fərid Əliyev də müəyyən edilərək saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən qızıl mağazalarının birindən oğurluq edən əvvəllər məhkum olunmuş 33 yaşlı Ağaverdi Ağaşov saxlanılıb.
Adalet.az xəbər verir ki, araşdırmalar zamanı adıçəkilən şəxsin qohumuna məxsus mağazadan 12500 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Naxçıvanda 75 yaşlı qadını qəddarlıqla qətlə yetirməkdə ittiham olunan Firuzə İsmayılova və Aypara Əsgərovanın məhkəməsi başa çatıb.
Patrul.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, aylarla davam edən prosesin sonunda müttəhim qadınlar dəhşətli cinayətdə təqsirli biliniblər. Bu tüküpərdici cinayət bir il əvvəl Şərur rayonunun Oğlanqala kəndində baş verib.
İstintaqla məlum olub ki, Firuzə və Aypara söhbət zamanı maddi sıxıntılarından danışıb. Aypara hazırda 3 min manatdan çox borcu olduğunu deyərək vəziyyətdən şikayətlənib. Cinayət planı da məhz bu söhbət zamanı qurulub. Belə ki, vəziyyətdən çıxış yolu axtaran Firuzə rəfiqəsinə 75 yaşlı qonşusu Zeynəb İsmayılovadan söz açıb, təxminən 8 min manat pulunun olduğunu və banka qoymaq istədiyini eşitdiyini deyib.
Bu da rəfiqələrdə tamah yaradıb. Onlar yaşlı qadını öldürüb pulunu ələ keçirmək qərarına gəliblər. Bir neçə gün sonra plan həyata keçirilib.
Ahıl qadın paltaryuyan maşından istifadə etmək üçün Ayparanın evinə gəlib. Paltarları maşından çıxardığı anda Aypara və əvvəlcədən evdə gizlənən Firuzə çəkic və linglə qadının başına zərbələr endirərək onu huşsuz vəziyyətdə yerə yıxıblar. Sonra isə yastıqla boğaraq qətli tamamlayıblar.
Əli qana batan rəfiqələr əvvəlcə mərhumun boynundan asdığı torbanı açaraq içindəki 8 min manat pulu və ümumi dəyəri 3 min manat olan üç ədəd qızıl boyunbağını götürüblər. Daha sonra meyiti həyətdə yerləşən dərin su quyusuna atıblar.
Növbəti plan isə cinayəti gizlətmək olub. Bunun üçün rəfiqələr şayiə yayıblar ki, guya Zeynəb İsmayılovanı sonuncu dəfə kəndin yuxarı hissəsinə gedərkən görüblər. Qısa müddətdə polis əməkdaşları kəndin hər bir künc-bucağında axtarışa başlayıb.
Axtarış zamanı polisi ilk şübhələndirən məqam isə Aypara Əsgərovanın həmin gecə müxtəlif mağazalara 3 min manat borc ödəməsi olub.
Sorğu-sual zamanı o, qonşusunun harada olduğunu bilmədiyini desə də, növbəti mərhələdə xüsusi təlim keçmiş it cinayətin izinə düşüb. Qətlə yetirilən qadının paltarından iy götürən it istintaqçıları birbaşa meyitin atıldığı quyuya aparıb. Nəticədə qadının meyiti 10 metr dərinlikdən çıxarılıb.
Əvvəlcə Aypara, iki gün sonra isə cinayətdəki şəriki Firuzə həbs edilib. Prokurorluq onları bir qrup şəxs tərəfindən tamah məqsədilə qəsdən adam öldürmə (CM: 120.2.5) maddəsi ilə hakim qarşısına çıxarıb. Bu əməl kişilər üçün ömürlük məhkumluğa qədər cəza nəzərdə tutur. Lakin Azərbaycan qanunlarına əsasən, qadınlar ömürlük məhkum edilmir.
Hərəsi üç uşaq anası olan 36 və 37 yaşlı rəfiqələrin işi Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə araşdırılıb.
Məhkəmə zamanı Aypara Əsgərovanın saxlanıldığı gün Türkiyəyə qaçmağa hazırlaşdığı da məlum olub. Tamahlarına uyan qadınların cinayət əməli müxtəlif sübutlar və şahidlərin ifadələri əsasında təsdiqini tapıb.
Yekunda Firuzə İsmayılova 15 il, Aypara Əsgərova isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Oğlanqala kəndində isə bu dəhşətli hadisə hələ də unudulmayıb. Kənd sakinləri mərhum Zeynəb İsmayılovanı səxavətli, ehtiyacı olanlara kömək edən bir insan kimi xatırlayırlar.

İstanbulun Şişli rayonunda baş verən dəhşətli qətl hadisəsi cəmiyyətdə ciddi rezonans doğurub.
Musavat.com xəbər verir ki, 58 yaşlı Menekşe K. dini nikahda olan gəlini, 25 yaşlı Burçin Şahini başından güllələyərək qətlə yetirib.
Hadisə dünən günorta saatlarında Əskişəhər məhəlləsində qeydə alınıb. Məlumata görə, “oğurluq” ittihamı ilə həbsdə olan Haydarcan K.-nın həyat yoldaşı Burçin Şahin qayınanası ilə eyni evdə yaşayırmış. Evdə naməlum səbəbdən başlayan mübahisə zamanı Menekşe K. sənədsiz silahla gəlininin başına iki dəfə atəş açıb.
Hadisə yerinə çağırılan polis və təcili yardım əməkdaşları Burçin Şahinin həyatını itirdiyini müəyyən ediblər. Araşdırma zamanı evin içərisində və çölündə ümumilikdə altı boş giliz aşkar olunub. Mərhumun iki uşaq anası olduğu bildirilib.
İddialara görə, hadisədən sonra şübhəli pəncərəyə yaxınlaşaraq “Gəlinimi öldürdüm, şərəfimi təmizlədim” deyib və bir müddət siqaret çəkib. Polis tərəfindən saxlanılan Menekşe K. ilkin ifadəsində hadisəni “şərəf məsələsi” kimi qiymətləndirib.
Şübhəli ifadəsində bildirib ki, oğlunun uzun müddətdir həbsdə olması fonunda gəlininin ona xəyanət etdiyindən şübhələnib. Hadisə günü telefonda gördüyü mesajlardan sonra aralarında mübahisə yaranıb. Onun sözlərinə görə, gəlininin cavabından sonra əsəbiləşərək evdə olan silahı götürüb atəş açıb.
Faktla bağlı istintaq davam edir. Həmçinin məlum olub ki, Menekşe K. daha əvvəl “narkotik vasitələrin qanunsuz dövriyyəsi” ittihamı ilə 6 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.
2026.5.2 Bakıda ŞOK OLAY: 24 yaşlı qız atasını talayıb sevgilisinə xərclədi
Bakının Sabunçu rayonu ərazisində yerləşən evlərin birindən 15 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, zərərçəkənin qızı 24 yaşlı S.Abdullayeva müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı S.Abdullayevanın taladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. O, əldə etdiyi pulla gözəllik salonu açıb və qalan vəsaiti isə sevgilisi ilə birlikdə xərcləyib.

Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, 27 yaşlı Alim Qasımzadənin psixi sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Mansur Məmmədov və Amil Musayev saxlanılıblar. Baxış zamanı onlardan 4 kiloqram 340 qram həşiş, 3 kiloqram 250 qram marixuana və 1 kiloqram tiryək aşkarlanıb.
həmin şəxslər ifadələrində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotikləri Bərdə rayonunda satışını təşkil etmək məqsədi ilə əldə etdiklərini bildiriblər.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Bərdədə polis əməkdaşlarının ilin əvvəlindən həyata keçirdikləri tədbirlərlə 21 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində sakinlərdən birinə məxsus “KIA” markalı vtomobildən sürücüyə məxsus qiymətli əşyalar oğurlanıb.
Bu barədə XQ-yə DİN-dən məlumat verilib.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş və törətdiyi digər cinayət əməllərinə görə axtarışda olan 37 yaşlı Mahir Məmmədov və 28 yaşlı Elvin Mehtiyev saxlanılıblar. Onların avtomobildən oğurluq etmələri müşahidə kameraları vasitəsilə də anbaan qeydə alınıb. Araşdırmalar zamanı saxlanılan şəxslərin paytaxt ərazisində daha bir “KIA” markalı avtomobildən içərisində 270 manat, bank kartları və sənədlər olan pul kisəsini oğurladıqları da müəyyən edilib. Onlardan əlavə olaraq şəxsi istifadələri üçün əldə etdikləri psixotrop maddə metamfetamin də aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Paytaxtın Xəzər rayonu ərazisində daşınmaz əmlakın və torpaq sahələrinin sənədləşdirilməsi vədi ilə zərərçəkənin 21 100 manat vəsaiti dələduzluq yolu ilə ələ keçirilib.
Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən, törətdiyi digər qanunsuz əməllərə görə axtarışda olan 60 yaşlı Elxan Abbasov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla müəyyən olunub ki, həmin şəxs eyni üsulla daha 9 zərərçəkənin etibarından sui-istifadə edərək onlara ümumilikdə 500 min manata yaxın maddi ziyan vurub.
Faktlarla bağlı Xəzər RPİ-də Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Elxan Abbasov əmlak rieltoru (makler) kimi tanınıb.

Şirvan Şəhər Polis Şöbəsin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Şəhriyar Aslanlı və Salman Həsənov saxlanılıblar.
əraziyə keçirilən baxış zamanı aqrotexniki qaydalarla qulluq edilərək yetişdirilmiş 52 ədəd çətənə kolu aşkarlanıb.
Ş.Aslanlı və S.Həsənovun çətənə kollarını ötən ay əkərək xüsusi qulluq göstərdikləri məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
x1200

Nərimanov rayonunda yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərən mağazadan 100 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Nərimanov Rayon Polis İdarəsi 16-cı şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq cinayətini törətməkdə şübhəli bilinən 20 yaşlı Rafael Quluzadə, 23 yaşlı Eşqin Səmədov, 24 yaşlı Yusif Çərkəzov və onun qardaşı, 27 yaşlı Elməddin Çərkəzov saxlanılıb.
Oğurlanan qızıl-zinət əşyalarının bir hissəsi R.Quluzadənin Beyləqan rayonu, Əmirzeyidli kəndində yerləşən yaşayış ünvanından aşkar edilərək götürülüb. Hadisədən sonra isə E.Çərkəzov və E.Səmədov qızılların digər hissəsinin satılaraq realizə olunmasını təşkil ediblər.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
Adalet.az xəbər verir ki, tədbirlər zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən Elnur Məmmədovla tanışı Elmar Balışovdan 14 kiloqram 131 qram tiryək, marixuana, Hikmət Kərimlidən 24 kiloqram 256 qram marixuana, Vüsal İmanovdan 2 kiloqram 300 qram marixuana, eləcə də 500 ədəd psixotrop tərkibli həb, Mövlud Əliyevdən 7 kiloqram 527 qram marixuana, həmçinin tiryək, Sənani Süleymanovdan isə 5 kiloqram 815 qram marixuana və tiryək aşkarlanıb.
Keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 54 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Saxlanılan şəxslər ifadələrində narkotikləri sosial şəbəkələrdə tanış olduqları, şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əldə etdiklərini və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.
Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

“TV1” xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən tədbirlərlə insan alverində təqsirləndirilən 28 yaşlı E.Q. və 27 yaşlı X.H. şərti adlı şəxslər həbs ediliblər.
E.Q. ölkə vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqla insan alveri cinayəti törətməkdə ittiham olunur. O, həmin qadınları işə düzəltmək adı ilə aldadaraq Türkiyəyə aparıb. Daha sonra zərərçəkmiş şəxslər hədə-qorxu və məcburetmə yolu ilə nəzarətdə saxlanılıb, onların ümumvətəndaş pasportları götürülərək pul müqabilində cinsi istismara məruz qoyulublar.
İnsan alveri cinayətində təqsirləndirilən X.H. isə şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşları ilə cinayət əlaqəsinə girərək qadınları pul müqabilində fahişəliyə cəlb edib. Zərərçəkənlər bu platformadan çıxmaq istədikdə o, həmin qadınları barələrində rüsvayedici fotoşəkil və məlumat yaymaqla hədələyərək cinsi istismara məruz qoyub.
Araşdırmalarla X.H. şərti adlı şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitinin bir qismini kriptovalyuta formasında xarici ölkələrin birində olan transmilli cinayətkar qrupun digər üzvlərinə göndərdiyi müəyyən edilib.
Toplanmış sübutlar əsasında başlanmış cinayət işləri üzrə E.Q. və X.H. təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və barələrində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
“Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, insan alveri cinayətlərindən zərərçəkmiş şəxslər DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə və ya 152 qaynar xəttinə müraciət edə bilərlər. Müraciət edən şəxslərin konfidensiallığı tam təmin olunur”, – deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, həbs edilən şəxslərdən biri barədə bir neçə gün əvvəl saytımızda məlumat verilmişdi.
x1200

Bakıda zərərçəkmiş şəxsin külli miqdarda pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumat daxil olub.
News24.az xəbər verir ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməldə təqsirli bilinən 36 yaşlı Rüfət Qasımzadə və 37 yaşlı Məmməd Məmmədzadə saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, R.Qasımzadə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı M.Məmmədzadə ilə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib. O, zərərçəkmişə geniş əlaqələrinin olduğunu və qızıl-zinət əşyalarının satışını həyata keçirdiyini bildirməklə onun etibarını qazanıb. Daha sonra saxlanılan şəxslər qızıl-zinət əşyalarının satışı ilə məşğul olmaq adı ilə zərərçəkəndən müxtəlif vaxtlarda ümumilikdə 317 500 manat pul vəsaiti alaraq həmin məbləği öz aralarında bölüblər. Nəticədə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq ediblər.
Zərərçəkmiş şəxs ifadəsində sonuncu dəfə pulun bir hissəsini Bakı Dəniz Vağzalı ərazisində həmin şəxslərə təqdim etdiyini bildirib. Bu səbəbdən iş üzrə istintaq araşdırmaları Su Nəqliyyatında Polis İdarəsində aparılıb.
Faktla bağlı R.Qasımzadə və M.Məmmədzadə barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) cinayət işi başlanılıb və hər iki şəxs təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, R.Qasımzadə özünü mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni kimi təqdim edib. (Qafqazinfo)

Bakının Qaradağ rayonunda 66 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb.
Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 43 yaşlı Əkbər Əliyev saxlanılıb. Ondan 21 kiloqram 302 qram marixuana, 496 qram tiryək və 50 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.
İdarə əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı isə paytaxt sakini 39 yaşlı Elxan Bəndəliyev də narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan isə 23 kiloqram 975 qram marixuana aşkarlanaraq götürülüb.
Məlumatda qeyd olunub ki, sonuncu əməliyyatlar zamanı 66 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də dəfələrlə məhkum olunmuş 33 yaşlı Əlixan Məmmədov saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, onun yaşadığı ünvandan psixotrop maddə olan metamfetamin, eləcə “Kalaşnikov” markalı avtomat və 126 ədəd patron aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
x1200
2026.2.27 Tələbələrin fotolarını yaydığı üçün saxlanan şəxs barəsində cinayət işi başlanılıb
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) naməlum şəxsin Bakı Dövlət Universiteti, eləcə də digər ali təhsil müəssisələrinin hüquq fakültəsi tələbələrinin şəkillərini montaj edərək üzərinə təhqiramiz ifadələr yazdığı və sosial şəbəkələrdə paylaşdığı, silinməsi müqabilində isə pul tələb etdiyi barədə müraciətlər daxil olub.
Bildirilib ki, kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlər nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən 28 yaşlı Fəxri Cəbrayılov saxlanılıb.
Araşdırmalarla müəyyən olunub ki, F.Cəbrayılov “TikTok” sosial şəbəkəsində “hüquq tələbələri” etiketi ilə axtarış edərək müxtəlif şəxslərin foto və video görüntülərini əldə edib. Daha sonra o, həmin görüntüləri süni intellekt proqramları vasitəsilə montaj edərək, üzərlərinə təhqiramiz yazılar əlavə edib və müxtəlif saxta hesablar vasitəsilə təkrar sosial şəbəkələrdə paylaşıb.
Saxlanılan şəxs foto və video görüntülərin silinməsi üçün ona müraciət edən tələbələrdən isə bunun müqabilində müxtəlif məbləğlərdə pul tələb edib.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. F.Cəbrayılova Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində əvvəllər güclü təsiredici xassəyə malik psixotrop maddələrin satışını təşkil etdiyinə görə məhkum olunmuş Fuad Həsənov saxlanılıb.
Bu barədə XQ-yə DİN-dən məlumat verilib.
Bildirilib ki, onun idarə etdiyi avtomobil və paytaxt ərazisində gizlətdiyi yerdən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 51 kiloqram 555 qram marixuana və 2999 ədəd metadon həbi aşkarlanıb. İlkin sorğu zamanı həmin şəxsin narkotikləri İran vətəndaşının tapşırığı ilə deyilən ünvanlara yerləşdirməyi planlaşdırdığı məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.

Terror qruplaşmasının fəaliyyətində iştirak etməkdə təqsirləndirilən Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov, Məhəmməd Hüseynli, Müşfiq Həşimov, Mir Cavad Hüseynli və Tural Ağayevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış ediblər və onların barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyiblər.
Müşavirə keçirən hakimlər heyəti müdafiə tərəfinin verdiyi vəsatəti təmin etməyib və həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.
Sonra cinayət işinin məhkəmə baxışına verilməsi qərara alınıb və baxış iclası martın 11-nə təyin edilib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, beynəlxalq terror təşkilatları ilə əlaqəsi olan Azərbaycan Respublikasının vətəndaşlarından ibarət cinayətkar dəstələr formalaşdırma, ölkənin şimal bölgəsində meşə massivində yeraltı sığınacaqlar yaradılması ilə müşayiət olunan terror aktlarına hazırlıq, bu məqsədlə silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmə əməlləri ilə bağlı DTX-də başlanılmış cinayət işləri üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
Aparılan araşdırmalarla terrorçuluq cinayətlərinin törədilməsi məqsədilə yaradılmış dəstənin üzvləri olan Azərbaycan Respublikasının vətəndaşları – Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli və Dadaş Həşimovun 2024-cü ildə Azərbaycan Respublikasını tərk edərək Pakistan İslam Respublikasının Əfqanıstanla sərhədində yerləşən dağlıq ərazilərdə gizləndikləri təsbit edilib.
Onların beynəlxalq terror təşkilatının tərkibində Azərbaycanın hüdudlarından kənarda döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak etmələri, cinayətkar məqsədlərlə silahlı təlimlər keçmələri müəyyənləşdirilib.
DTX tərəfindən tərəfdaş xarici xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində barələrində istintaq aparılan adları qeyd olunan şəxslərin xarici ölkələrin ərazisində ələ keçirilərək Azərbaycana gətirilmələri təmin edilib.
Həmçinin görülən tədbirlərlə Tofiq Yusiflinin və Dadaş Həşimovun terrorçuluq fəaliyyətlərinin Azərbaycan Respublikasının vətəndaşları – Mir Cavad Hüseynli və Tural Ağayev tərəfindən maliyyələşdirildiyi, habelə sonuncuların digər cinayət əməlləri aşkar olunub.
Cinayətkar dəstənin üzvləri – Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov, Mir Cavad Hüseynli və Tural Ağayev müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) və 283-1.3-cü (dini məzhəbləri yayma, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış sabit qruplarda, təlimlərdə və silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmiş, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı idarə etdiyi “VAZ” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan A.Rəhimov saxlanılıb.
sürücü barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Rəhimov sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunan İlham Süleymanov saxlanılıb.
DİN-dən XQ-yə verilən məlumata görə, İ.Süleymanovun rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsiylə məşğul olduğu müəyyən edilib. Ondan satış məqsədi ilə əldə etdiyi 1 kiloqram 465 qram həşiş və 590 qram marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, İ.Süleymanov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

DİN-dən XQ-yə verilən məlumata görə, Sabunçu rayonu ərazisində silsilə oğurluq hadisələri qeydə alınıb. Belə ki, gecə saatlarında naməlum şəxslər ümumilikdə 7 evə daxil olaraq dəyəri 10 min manata yaxın elektrik naqillərini oğurlayıblar. Onlar əməllərini ört-basdır etmək üçün bəzi evlərdə quraşdırılan müşahidə kameralarını da sındırıblar.
Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə talama cinayətlərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı Arif Sultanov və 29 yaşlı Cəfər Cəfərquliyev saxlanılıblar.
Araşdırmalarla saxlanılan şəxslərin oğurladıqları naqilləri əlvan metal qəbulu məntəqələrinə satdıqları məlum olub.
Araşdırmalar davam etdirilir.

Sumqayıtda yeniyetmə qız faciəvi şəkildə ölüb.
hadisə 45-ci məhəllə adlanan ərazidə, 14 mərtəbəli yaşayış binasında baş verib.
İlkin ehtimallara görə, 17 yaşlı Şəms binanın yüksək mərtəbəsindən yıxılaraq həyatını itirib.
Məlumata görə, o, Sumqayıt Şəhər 13 saylı məktəbdə təhsil alırmış.
Hadisənin baş vermə səbəbləri araşdırılır.

Paytaxtın Nizami rayonunda talama cinayəti baş verib.
Rayonun Q.Qarayev prospektində yerləşən zərgərlik mağazalarının birindən 1800 manat dəyərində qızıl-zinət əşyasının oğurlanması barədə polisə məlumat daxil olub.
Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 53 yaşlı Zabil Abışov müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin satıcının diqqətinin yayınmasından istifadə edərək oğurluq etdiyi məlum olub. Araşdırmalar davam etdirilir.

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslər saxlanılıb.
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən İlham Qarayev, Anar Balakişiyev, Roman Mustafayev, Akif İbadov, Fuad Rzayev və Taleh Zeynalov saxlanılıblar.
Belə ki, adıçəkilən şəxslərdən külli miqdarda, metamfetamin, heroin və marixuana aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin barəsində həbs qətimkan tədbiri seçilib.

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir.
DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, paytaxt ərazisində keçirilən növbəti tədbir zamanı 28 yaşlı İsmayıl Muradov və 32 yaşlı Çingiz Quliyev saxlanılıblar.
Onlardan 21 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
İ.Muradov və Ç.Quliyevin şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri satış məqsədilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paytaxtın Binəqədi rayonunda talama cinayəti qeydə alınıb.
rayonun 28 May qəsəbəsində fəaliyyət göstərən şirkətlərin birindən ümumi dəyəri 11840 manat olan optik naqil oğurlanıb.
Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı Səməd İsmayılov müəyyən edilərək saxlanılıb. Onun törətdiyi qanunsuznəməl ərazidəki təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Aǧdamda narkotik vasitə qəbul edərək avtomobil idarə edən sürücü inzibati qaydada həbs olunub.
Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində VAZ-2106 markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Məmmədhüseyn Həsənova “saxla” işarəsi verilib. Araşdırma zamanı onun narkotikin təsiri altında avtomobil idarə etdiyi müəyyən edilib.
M.Həsənov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənun qərarına əsasən, o, 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Bakıda gənc qız faciəvi şəkildə ölüb.
Aysu Həsən qızı Abbasəliyeva Binəqədi rayonunda yaşadığı mənzildə dəm qazından boğularaq vəfat edib.

发表回复